Seçki-2024
Xəyalları gerçəkləşdirən siyasət...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərovun YAP Tovuz rayon təşkilatının qərargahında şəhidlərin ailə üzvləri, qazilər və müharibə veteranları olan seçicilərlə görüşü keçirilib.
Görüşdən öncə şəhidlərin xatirəsinə inşa olunmuş abidə kompleksinin, əbədi məşəl abidəsinin və burada Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb.
Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov 1 sentyabr seçkilərinin işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkiləri kimi tarixə düşdüyünü, bunun suverenliyimizin qanunvericilik müstəvisində də təsdiqinin daha bir təzahürü olduğunu qeyd edib.
Deputatlığa namizəd Nizami Səfərov Vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı diləyərək bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcəyin, yeni bir inkişaf mərhələsinin əsasını qoyub. Bu baxımdan Azərbaycanın parlaq gələcəyi naminə parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi lazımdır və vacibdir.
Görüşün sonunda şəhidlərin ailə üzvləri, qazilər arzu və istəklərini qeyd ediblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Nizami Səfərov seçicilərlə daha bir görüş keçirib. O, Azərbaycanda bütün sahələrdə islahatların davam etdiyini, hər bir vətəndaşın bu uğurlu siyasəti gündəlik həyatında hiss etdiyini bildirib.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Onlar, həmçinin fikir və təkliflərini səsləndiriblər.