Seçki-2024
Etimad mühiti
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afaq Hacıyevanın YAP Sabunçu rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi sistemində özünəməxsus və aparıcı rolu var: “Bu partiya 1 sentyabrda keçiriləcək parlament seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə gedir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımlayır”.
O, deputatlığa namizəd Afaq Hacıyeva haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Afaq Hacıyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. A.Hacıyeva bildirib ki, bu gün torpaqlarını düşmən tapdağından azad edərək suverenliyini bərpa edən Azərbaycan çox məsuliyyətli bir dövrə qədəm qoyub: “Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın hər bir vətəndaşı üçün yeni, gələcəyə olan ümidlərin daha da artdığı bir mərhələdir. Bu mərhələdə ən böyük məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nəticələri düzgün qiymətləndirmək, uğurları daha da möhkəmləndirmək və yeni zirvələri fəth etməkdir”.
Afaq Hacıyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən seçicilər də sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.