Seçki-2024
Yeni hədəflər yeni nailiyyətləri şərtləndirir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun rayonun Sığdaş, Babakücə, Xanalıyan, Ninəlo, Böyük Kolatan, Bağıroba, Bala Kolatan kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.
Əvvəlcə Siğdas və Kolatan kəndlərində şəhidlərin məzarları ziyarət edilib, xatirələri ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev yeni dövrə yenilənən Azərbaycanla getmək üçün seçiciləri seçkilərdə fəal olmağa və ümumxalq partiyasının - YAP-ın namizədinə səs verməyə dəvət edib.
Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov partiyanın seçki platforması haqqında məlumat verib. Parlament seçkilərinin ilk dəfə ərazi bötövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycanda keçirildiyinə diqqət çəkən M.Məmmədov seçkilərin ölkə üçün əhəmiyyətli bir siyasi hadisə olduğunu qeyd edib. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük uğurlar əldə etdiyini və regionda söz sahibi olduğunu vurğulayan namizəd, Azərbaycan üçün yeni dövr başladığını, yeni dövrün tələblərinə uyğun olaraq növbədənkənar seçkilərin labüdlüyündən danışıb. O, seçicilərin 1 sentyabrda fəallıq göstərəcəyinə əminliyini bildirib.
Görüşdə çıxış edən seçicilər Mehparə Məmmədova, Məhbubə Şahbazova, Nadir Dadaşov, Xanəli Gənciyev, Hümmət Cəfərov, Əyyar Nuriyev, Dadaş Əliyev və başqaları son illər ölkəmizin hər yerində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Masallıda görülən işlərin də alqışalayiq olduğunu, rayonun infrastrukturunun daha da inkişafı naminə YAP-ın namizədini dəstəklədiklərini qeyd edərək sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklərini bildiriblər.
Qeyd edək ki, M.Məmmədov həmçinin Masallı rayonunun Viləş, Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Şıxlar kəndlərində də seçicilərlə məhəlli görüşlər keçirib.