Seçki-2024
Azərbaycanın taleyi etibarlı əllərdədir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Cəfərovun Sabirabad rayonu, Muğangəncəli kənd Mədəniyyət evində Muğangəncəli, Cəngən, Çiçəkli və Salmanlı kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası demokratik ənənələrə mühüm dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir. Qeyd edib ki, partiyanın proqramında təsbit olunan prinsiplərdən biri demokratik ənənələrin inkişafıdır. O, parlament seçkilərinin bu baxımdan önəmli olduğunu diqqətə çatdırıb.
Çıxış edən deputatlığa namizəd Kamal Cəfərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Qeyd edib ki, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.
Tədbirdə, həmçinin görüş iştirakçılarından Arifə Aslanova, Vurğun Dadaşov, şəhid atası Dilavər Quliyev və digərləri çıxış ediblər. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər müstəqillik və firəvanlıq naminə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Kamal Cəfərov, həmçinin Azadkənd kəndində Azadkənd, Çığırğan, Xankeçən və Poladtuğay kənd seçiciləri ilə görüş keçirib.