Seçki-2024
Xalqın seçimi reallıqlara əsaslanır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyeva Xətai rayonu, Süleyman Əhmədov küçəsində yaşayan bir qrup seçici ilə məhəlli görüş keçirib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyevanı seçicilərə təqdim edərək onun barəsində məlumat verib.
Deputatlığa namizəd Pərvanə Vəliyeva çıxış edərək YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yürütdüyü qətiyyətli siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “İşğaldan azad edilmiş rayonlarda aparılan yenidənqurma və bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, həmin ərazilərin tarixi siması geri qaytarılır. İndiyədək 8 minə yaxın əhali Laçın, Füzuli, Şuşa və Xocalıya köçürülüb. Möhtəşəm zəfərlərdən sonra formalaşdırılacaq yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması ilə ölkəmizdə yeni dövrə uyğun dövlət proqramları və layihələrin, qanunların qəbul edilməsi, islahatların daha da dərinləşdirilməsi qarşıya qoyulmuş əsas məqsədlərdəndir”.
P.Vəliyeva seçki hüququ olan hər kəsi 1 sentyabr tarixində keçiriləcək parlament seçkilərində səsverməyə çağırıb.
Seçicilər adından Aynurə Həmidova və Xatirə Mehdiyeva çıxış edərək rayonun gündəliyində duran aktual məsələləri deputatlığa namizədin diqqətinə çatdırıb. Onlar Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
P.Vəliyeva həmçinin, Vətən müharibəsi qazisi Əli Eldar oğlu Mənsimovun ailəsini ziyarət edib.