Seçki-2024
Abşeronlular YAP-ın namizədinə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədova YAP Abşeron rayon təşkilatının qərargahında seçicilərlə görüşüb.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz prinsiplərinə sadiq olub. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP bu gün fəaliyyətini Prezident İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirir.
Çıxış edən deputatlığa namizəd Nigar Məmmədova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib: “Ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlar davamlı inkişafın təmin olunmasına, hər bir vətəndaşın rifahının yüksəldilməsinə xidmət edir. YAP-ın seçki platformasında Azərbaycanın islahatlar yolu ilə inkişafı istiqamətində əsas hədəflər aydın əksini tapır”.
Namizəd bildirib ki, ölkəmizdə yüksək seçki mədəniyyəti və ənənələri mövcuddur, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində biz növbəti dəfə bunun şahidi olacağıq.
Görüşdə təşviqat qrupunun üzvü Vüsal Süleymanov çıxış edərək, ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP sıralarının ildən-ilə genişləndiyini, nüfuzunun gücləndiyini bildirib. O, ölkəmiz üçün tarixi əhəmiyyət daşıyan növbədənkənar parlament seçkilərində hər bir vətəndaşın iştirakının zəruri olduğunu vurğulayıb, bütöv Azərbaycanda ilk parlament seçkilərində seçicilərin YAP namizədlərini dəstəkləyərək fəallıq nümayiş etdirəcəklərini deyib.
Görüş Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşdırılıb.
Tədbirdən sonra N.Məmmədova seçicilərlə fərdi görüşlər də keçirib.