Seçki-2024
Yeni dövrə inamla!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatının qərargahında və rayonun Zümürxan və Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən təqdirlə qarşılanır. Bu isə öz növbəsində Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdığını təsdiqləyir.
Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım qeyd edib ki, yeni hədəflər yeni çağırışlarla tamamlanır. O, bu seçkilərin ölkəmiz üçün yeni müvəffəqiyyətlər vəd etdiyini və Azərbaycanın demokratik inkişaf tarixinə yeni uğur səhifəsini yazacağını diqqətə çatdırıb. Namizəd həmçinin bildirib ki, YAP-ın seçki platformasında qeyd olunduğu kimi, müasir mərhələdə islahatların dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir.
Görüşlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, şəhid anası Mehparə Qəribova çıxış edərək, seçiciləri seçkilərdə aktiv iştirak etməyə çağırıb.
Tədbir iştirakçılarından İbrahim Allahverənov, Mahir Şirinov, Bəkurə Ağayeva, İsa Qaraşov, qazi Tahir Sadıqov, şəhid atası Vüqar Həsənov, şəhid ailəsinin üzvü Səfaqət Rüstəmova və digərləri bəyan ediblər ki, uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, deputatlığa namizəd Fatma Yıldırım YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri ilə birlikdə Bərdə şəhəri, Elçin Əsədov küçəsində şəhid Xudaverdi Rzayevin, Birinci Qazaxlar kəndində şəhid Pənah Rüstəmovun, şəhid Pərvin Əlizadənin, İkinci Nazırlı kəndində isə şəhid Mehman Zeynalovun ailəsində olub, seçicilərlə görüşüb.