Seçki-2024
Qazaxlıların seçimi YAP-ın namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səməd Seyidovun İkinci Şıxlı və Birinci Şıxlı kəndlərində seçicilərlə görüşləri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ilk dəfə olaraq müstəqil, suveren Azərbaycanın bütün ərazisində keçiriləcək parlament seçkiləri haqqında seçicilərə ətraflı məlumat verib. Təşkilat sədri parlament seçkilərinə YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla!” şuarı ilə qatıldığını qeyd edərək, partiyamızın keçirilən bütün seçkilərdə qalib gəldiyini və bu seçkilərdə də qələbə qazanacağına böyük əminliyini bildirib. A.Nəbiyev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, möhtəşəm qələbələrdən geniş danışaraq, qarşıda duran hədəflərdən də ətraflı bəhs edib.
A.Nəbiyev seçiciləri 1 sentyabrda yüksək fəallıq göstərməyə, seçki məntəqələrinə gələrək YAP-ın namizədi Səməd Seyidova səs verməyə çağırıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Səməd Seyidov qazaxlıların həmişə haqqın -ədalətin yanında olduğunu və ən önəmli məqamlarda, siyasi kampaniyalarda onların yüksək fəallıq göstərdiklərini xüsusi vurğulayıb. YAP-ın seçki platforması haqqında seçicilərə geniş məlumat verən S.Seyidov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində qazanılan nailiyyətlərdən də ətraflı danışıb.
44 günlük Vətən müharibəsində, bir günlük anti-terror əməliyyatlarında qazanılan möhtəşəm qələbələrdən, Qazax rayonunun işğal altında olan dörd kəndinin bir güllə atılmadan, qan tökülmədən geri qaytarılmasından geniş danışan namizəd, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın siyasətini dəstəkləməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin inam və etimadını layiqincə doğruldacağına söz verib.
Görüşdə təşviqat qrupunun üzvləri Bəsti Ələkbərova, Pəri İbrahimova, Müqabil Məmmədov, Sevda Həsənova, Kamandar İbrahimov, İsgəndər Qurbanov, Kazım Kazımlı və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədi Səməd Seyidovu dəstəkləməyə çağırıblar.
Çıxış edən seçicilər də öz növbəsində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.