Seçki-2024
"Uğurlarımızın davamı naminə YAP-ın namizədlərinə səs verək"
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov tədbirdə çıxış edərək, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanındığını bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır".
Deputatlığa namizəd Pərvin Kərimzadə bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, tarixi zəfər nəticəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlar azad edildi, ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu. Qazanılan qələbə ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratdı.
Tədbir iştirakçılarından Cavid Bağırzadə, Kənan Qurbanov və digərləri çıxışlarında YAP-ın ümumxalq partiyası kimi ölkəmizin inkişafında mühüm rol oynadığını bildiriblər. Seçicilər uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Daha sonra deputatlığa namizəd Pərvin Kərimzadə qəhrəman şəhidimiz Mirhüseyn Seyidzadənin ailə üzvləri görüşüb.