Seçki-2024
Abşeron seçiciləri YAP-ın namizədinə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramid Namazovun YAP Abşeron rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, YAP-ın müstəqil Azərbaycanın siyasi sistemində özünəməxsus və aparıcı rolu var: “YAP 1 sentyabrda keçiriləcək parlament seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə gedir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımlayır”.
Daha sonra çıxış edən deputatlığa namizəd Ramid Namazov “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə davam edən YAP-ın təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. R.Namazov bildirib ki, bu gün torpaqlarını düşmən tapdağından azad edərək suverenliyini bərpa edən Azərbaycan çox məsuliyyətli bir dövrə qədəm qoyub: “Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın hər bir vətəndaşı üçün yeni, gələcəyə olan ümidlərin daha da artdığı bir mərhələdir. Bu mərhələdə ən böyük məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nəticələri düzgün qiymətləndirmək, uğurları daha da möhkəmləndirmək və yeni zirvələri fəth etməkdir”.
Sonda seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədi Ramid Namazova səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Ramid Namazov Abşeron rayonu, Digah qəsəbəsində şəhid Vüsal Şakir oğlun Abdullayevin ailəsinidə də ziyarət edib.