YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafa doğru böyük bir addım

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin Ağcabədi rayon Mədəniyyət Mərkəzində seçicilərlə növbəti görüşü keçirilib.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizin milli maraqlarının qorunmasında mühüm rol oynayıb, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət nümayiş etdirir.

Çıxış edən deputatlığa namizəd Tahir Rzayev isə əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana cox böyük uğurlar qazandırdığını real faktlarla seçicilərin diqqətinə çatdırıb.

T.Rzayev növbəti dəfə deputat seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə məlumat verib.

Təşviqat qrupunun üzvü Nizami Abbasov seçiciləri səmimi, dünyagörüşlü, ictimai xadim, həmişə seçicilərin problemlərinin həllinə çalışan, əvvəllər də Ağcabədini Milli Məclisdə ləyaqətlə təmsil edən YAP-ın namizədi Tahir Rzayevə səs verməyə çağırıb.

Seçicilər 1 sentyabrda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi Tahir Rzayevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, deputatlığa namizəd daha sonra Ağcabədi şəhər seçicisi, şəkər xəstəliyindən əziyyət çəkən, ayağı amputasiya olunmuş Gülşən Məmmədovanı ziyarət edib, onun problemləri ilə maraqlanıb. Tahir Rzayev həmin problemlərin yaxın zamanda həllini tapacağını bildirib.