Seçki-2024
1 sentyabr tarixi xalq üçün əlamətdardır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Aslanovun Hacıqabul rayonu, Meyniman kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev hər zaman ölkəmizin, Vətənimizin və xalqımızın milli maraqlarını ən yüksək səviyyədə təmin edib: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs 2003-2024-cü illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu baxımdan əldə olunan uğurlar Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının məntiqi nəticəsidir”.
Çıxış edən deputatlığa namizəd Aqil Aslanov bildirib ki, Azərbaycan bütün dünya ölkələri ilə dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurur: “Bu gün Azərbaycanın uğurlu siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır”.
A.Aslanov çıxışında seçiciləri parlament seçkilərində fəal olmağa və ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər adından çıxış edən kənd ağsaqqalı Aydın Hüseynov 1 sentyabr seçkilərində fəal iştirak edəcəklərini qeyd edib.