Seçki-2024
“Partiyamızın hədəfləri xalqımızın milli məqsədlərini əks etdirir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nərminə Hacıyevanın seçicilərlə görüşü keçirilib.
YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edib. Bildirib ki, bütün sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirir. Qeyd olunub ki, seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında əks olunan uğurlar və hədəflər gələcək inkişafın aydın mənzərəsini yaradır. “Partiyamızın hədəfləri xalqımızın milli məqsədlərini əks etdirir”, - deyə vurğulanıb.
Deputatlığa namizəd Nərminə Hacıyeva Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli inkişaf yolundan bəhs edib. Bildirib ki, bu partiyaya xalqın sevgisi böyükdür: “Səmərəli fəaliyyətinin və yüksək siyasi nüfuzunun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Seçicilərimizin bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində qalib Liderimiz cənab İlham Əliyevə səs verdikləri kimi, 1 sentyabr - parlament seçkilərində də Prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə, partiyamızın bu seçkilərdə də inamlı qələbə qazanacağına inanıram”.
N.Hacıyeva seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Təşviqat qrupunun üzvü, şəhid polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, seçicilərdən Yeganə Yusifova və Güllü Tomarlı vurğulayıblar ki, daim zirvələrə doğru inamla addımlayan qüdrətli Azərbaycanın vətəndaşı olmaq qürurvericidir.
Çıxış edənlər seçiciləri parlament seçkilərində yüksək fəallıq nümayiş etdirməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.