Seçki-2024
Yeni zəfərlər naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eldar İbrahimovun YAP Naxçıvan şəhər təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Yeni Azərbaycan Partiyasının bugünə qədərki uğurlarından və yeni dövrdəki hədəflərindən bəhs edib.
Çıxış edən deputatlığa namizəd Eldar İbrahimov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Eldar İbrahimov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.