Seçki-2024
Salyanlıların seçimi bəllidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanov rayonun Xələc və Abad kəndlərində, Qaraçala qəsəbəsində şəhid ailələrini ziyarət edib.
Əvvəlcə Xələc kəndində Şəhidlər Xiyabanını ziyarət edilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Şəhid ailələrinin üzvləri ilə görüşən Sadiq Qurbanov Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş oğullarımızla xalqımızın hər zaman qürur duyduğunu bildirib. Onun sözlərinə görə, xalqımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların ailələrinə xüsusi hörmətlə yanaşır. Namizəd Sadiq Qurbanov ziyarət zamanı şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanaraq suallarını cavablandırıb. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan diqqət və qayğısından danışaraq, onların problemlərinin həll olunmasının dövlətin prioritet məsələlərindən biri olduğunu diqqətə çatdırıb.
Öz növbəsində şəhid ailələrinin üzvləri dövlətimizin qayğısından razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhid ailələrinin üzvləri qarşıdan gələn parlament seçkilərində cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini qeyd ediblər.