Seçki-2024
Tarixin qürurlu səhifəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın YAP Suraxanı rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər və veteranlarla görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, parlament seçkilərinin ilk dəfə işğaldan azad edilmiş ərazilərdə keçirilməsi ölkəmizin ərazi bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bariz nümunəsidir. O, növbəti illərdə qarşıda duran hədəflərdən və görüləcək işlərdən söz açıb. Vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində dövlətimiz daha da güclənib.
Çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, yeni dövrdə siyasətimizin əsas prioritetlərindən biri də şəhid ailələri və qazilərlə işin təşkilidir. Vurğulanıb ki, məhz bu səbəbdən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həssas təbəqədən olan insanlara olan münasibəti hər kəs üçün nümunə olmalıdır.
Görüşdə, həmçinin seçici İslam Sadayev və digərləri çıxış ediblər. Bildirilib ki, dövlətimiz və Yeni Azərbaycan Partiyası hər zaman şəhid ailələri, qazilər və veteranlara xüsusi qayğı ilə yanaşır.
Həmçinin, Sevinc Fətəliyeva Hövsan qəsəbəsi, Füzuli Bayramov və İlqar Əhlimanov küçələrində seçicilərlə fərdi görüşlər keçirib.