Seçki-2024
Uğurlardan uğurlara
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun Şəmkir rayonu, Çaparlı və Əliyaqublu kənd seçiciləri ilə görüşü keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək qeyd edib ki, Azərbaycan uğurlu siyasəti ilə hər bir hədəfə zamanında nail olur: “Tarixi Zəfərimizin - ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. YAP-ın seçki platformasında qazandığımız uğurlarla yanaşı, qarşıda duran əsas hədəflər də əksini tapıb”.
Deputatlığa namizəd Nurlan Həsənov çıxış edərək əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Liderliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir və statistik göstəricilər də bu reallığı təsdiqləyir.
N.Həsənov deputat seçiləcəyi təqdirdə seçicilərin inam və etimadını doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verib.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.