Seçki-2024
Tərəqqi yolunda…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun YAP Şəmkir rayon təşkilatının qərərgahında Dəllər-Daşbulaq kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə parlaq qələbə qazandığını deyib.
Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov Yeni Azərbaycan Partiyasının tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə mühüm töhfələr verdiyini ifadə edib. O, seçiciləri fəal olmağa, davamlı zəfərlərə imza atılması naminə layiq bildikləri namizədə səs verməyə çağırıb.
Görüşdə təşviqat qrupunun üzvləri Ayaz Orucov, Elvira Allahverdiyeva və digərləri çıxış edərək qalib Azərbaycanın bundan sonra daha da inamla irəliyə doğru addımlayacağını deyib, seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.