Seçki-2024
Yeni dövrə yeni nailiyyətlərlə!
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov Şəki rayonu ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, müasir Azərbaycan məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi - cənab İlham Əliyev yerinə yetirdi. Çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyev siyasətinin nəticəsidir”.
Həmçinin İ.İlyasov seçkilərdə iştirakın vacibliyini vurğulayıb və Azərbaycanı yeni dövrdə yeni nailiyyətlərə aparacaq siyasətdən bəhs edib.
Deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırıb. Vurğulanıb ki, əldə olunan uğurların zirvəsini Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması təşkil edir.
Çıxış edənlərdən Fərəc Ədilov, Kamal İsmayılov seçiciləri fəal olmağa, yeni uğurlara imza atmaq üçün "Yeni dövrə yeni Azərbaycanla" şüarı ilə gedən YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdən sonra deputatlığa namizəd Rövşən Muradov şəhid leytenant Qənimətov Ətraf Oqtay oglunun ailəsini ziyarət edib.