Seçki-2024
YAP zəngin və şərəfli inkişaf yoluna malikdir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayon seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söhbət açıb. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd edib ki, ərazi bütövlüyünü tam təmin edən qalib Azərbaycan dövlət olaraq tarixinin ən qürurlu dövrünü yaşayır: “44 günlük Vətən müharibəsi və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvası tam dağıdılıb. Biz dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bu gün dövlət bayrağımız ölkəmizin bütün ərazilərində qürurla dalğalanır”.
E.Qurbanov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır.
Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Təranə Zəkəriyyəyeva, Fərman İbrahimov və Günel Abdullayeva çıxış edərək bidiriblər ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır.
Seçicilər Zərniyar Nəsibova, Aynurə Səfərova və digərləri 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri Oğuz şəhəri, Bəxtiyar Vahabzadə küçəsinin seçiciləri ilə məhəlli görüş keçiriblər.