Seçki-2024
YAP Ulu Öndərin xalqımıza dəyərli siyasi mirasıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əsgərov Ziyafət Abbas oğlunun Sədərək rayon Heydərabad qəsəbə parkında seçicilərlə görüş keçirilib.
Görüşə başlanmazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edildi.
Görüşü giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, deputatlığa namizəd Əsgərov Ziyafət Abbas oğlu haqqında seçicilərə ətraflı məlumat verib. A.Qasımov qeyd edib ki, o, ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil edib. YAP Sədərək rayon təşkilatının sədri seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Əsgərov Ziyafət Abbas oğlu əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Həmçinin Z.Əsgərov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu barədə danışaraq deyib: ”Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin xalqımıza dəyərli siyasi mirasıdır. Partiyamız bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarına xidmət edən məqsədyönlü fəaliyyətini davam etdirir”.
Sonra Ziyafət Əsgərov deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin Süleyman Tağıyev, Fərhad Qasımov və digər seçicilər çıxış edərək qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP şübhə yoxdur ki, bu seçkilərdə də xalqın dəstəyi ilə inamlı qələbə qazanacaq.
Sonda Ziyafət Əsgərov seçicilərin verdiyi sualları cavablandırıb.
Qeyd edək ki, görüşdən sonra deputatlığa namizəd Ziyafət Əsgərov Sədərək kəndindən olan şəhid Abdullazadə Tağı İlham oğlunun ailəsini ziyarət edib.