YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Növbəti qələbə əzmi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədən kənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Mingəçevir şəhərinin gənc seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, növbədənkənar parlament seçkilərinin Azərbaycanın demokratik inkişaf tarixində önəmli bir mərhələ olduğunu deyib. B.Mustafayev yeni formalaşacaq parlamentin qalib, bütövləşən Azərbaycanın parlaq gələcəyi naminə yeni dövrün hədəflərini inamla və uğurla reallaşdıracağını qeyd edib.

Çıxış edən deputatlığa namizəd Əli Hüseynli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir: “Bu gün kreativ düşüncə tərzi ilə seçilən gənclərimiz Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər. Vətən müharibəsindəki şanlı Qələbə də qəhrəman oğulların – gənclərin şücaəti nəticəsində qazanılıb”.

Əli Hüseynli çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə, həmçinin gənc fəallar Balabəy Həsənov, Faiq Yusifli, Şamil Eyvazov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz  növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.