Seçki-2024
Azərbaycan tarixi inkişafın yeni mərhələsinə qədəm qoyub
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının YAP Samux rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharlbə veteranları və iştirakçıları olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə, görüş iştirakçıları rayonun mərkəzində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış “Şəhidlər Kompleksi”ni ziyarət edərək gül dəstələri qoyublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, tarixi inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.
Deputatlığa namizəd Mübariz Qurbanlı çıxış edərək YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla inkişaf edir. Namizəd vurğulayıb ki, bütün sahələrdə həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdığını təsdiqləyir.
Tədbirdə şəhid ataları İlham Məmmədzadə və Hidayət Şəfiyev, təşviqat qrupunun üzvü Mirzəmməd Orucov, seçici İlham Məmmədov və digərləri çıxış edərək vurğulayıblar ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsi kimi yüksək nüfuz qazanıb. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər isə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.