Seçki-2024
“Qətiyyətli lideri olan xalq yenilməzdir!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəfail Tağızadənin YAP Şamaxı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Azərbaycanın güclü iqtisadiyyata, dinamik inkişafa və dünya dövlətləri sırasında böyük nüfuza malik olduğunu bildirərək bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə xalq-iqtidar birliyinin dayandığını bildirib. “Qətiyyətli lideri olan xalq xoşbəxt və yenilməz - məğlubedilməzdir”, - deyə vurğulanıb.
Deputatlığa namizəd Rəfail Tağızadə qeyd edib ki, bu gün xalqımız tarixi Zəfərin reallıqlarını yaşayır: “Yeni dövr yeni hədəflərlə zəngindir. Ölkəmizi yeni dövrdə möhtəşəm uğurlar gözləyir. Xalqımız Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, dövlət başçısının ölkəmizə qazandırdığı nailiyyətləri olduqca yüksək dəyərləndirir”.
O vurğulayıb ki, Yeni Azərbaycan Partiyasına xalqın inamı sonsuzdur: “Partiya bu inamı, etimadı qorumaq və daha da artırmaq üçün daim səylər göstərir. YAP-ın hər bir seçkiyə qələbə əzmi ilə qatılmasını şərtləndirən əsas amil də məhz xalqın partiyası olmasıdır”.
Yerli seçki qərargahının üzvləri Ağarza Bayramov, Tünzalə Yusifova, Mayıl Alıcanov, həmçinin görüş iştirakçısı Namiq Kamal və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.