Seçki-2024
“Görülən işlər Azərbaycanın bu günü və gələcəyi üçündür”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadə YAP Lənkəran rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, gənc seçiciləri seçki prosesində fəal iştirak etməyə çağırıb.
Deputatlığa namizəd Cavanşir Paşazadə YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bugünədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb. “Partiyanın 32 ilə yaxın keçdiyi şərəfli yol cəmiyyətdə tutduğu mövqeyə işıq salır. Ümumxalq partiyasına çevrilən YAP sıralarında bütün kateqoriyadan olan insanları birləşdirib, öz monolitliyini qoruyur, hədəflərə çatmaq üçün bütün qüvvə və bacarığını səfərbər edir”, - deyən C.Paşazadə əlavə edib ki, görülən işlər Azərbaycanın bu günü və gələcəyi üçündür.
Çıxış edən gənc seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.