Seçki xəbərləri
Uğurların zirvəsində

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Aslanovun Hacıqabul rayonunun Qızılburun kəndində seçicilər ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söhbət açıb. O, qələbələrin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Aqil Aslanov YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını qeyd edib. Aqil Aslanov aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyib. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən kənd seçiciləri yüksək fəallıq şəraitində seçkilərdə iştirak edəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Aqil Aslanov fərdi görüşlər də keçirib.