Seçki-2024
“Qalib Azərbaycanla qürur duyuruq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Culfa rayonu, Saltaq, Göydərə, Əlincə, Xoşkeşin, Xanəgah, Qazançı, Teyvaz və Milax kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov çıxış edərək diqqəti ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının seçki platformasına yönəldib. Bildirib ki, seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan partiyanın seçki platformasında qeyd edildiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz və ötən ilin sentyabr ayında suverenliyimizin tam bərpa olunması Azərbaycanın qarşısında yeni imkanlar açır: “Hər zaman Azərbaycanın yüksəlişində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyası uğurlarımızın fonunda qarşıdakı dövrün hədəflərini açıqlayır. Bu hədəflərin gerçəkləşməsi öncə birliyimizə, həmrəyliyimizə çağırışlar edir”.
Qadir İbrahimov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün çətinliklərindən, Azərbaycanın üzləşdiyi problemlərdən bəhs edərək bu fikri xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Sədri olduğu partiyaya inam, etimad ilk gündən özünü nümayiş etdirib: “YAP yarandığı vaxtdan xalqın sevgisini, inamını qazanan partiya kimi nüfuz qazanıb. 32 ilə yaxın dövrün reallıqları hər bir mərhələnin özünəməxsus çağırışlarının olduğunu və qarşıya mühüm vəzifələr qoyduğunu təsdiqləyir. Azərbaycan tarixi Zəfərə imza atıb, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Yeni dövrün yeni hədəfləri Azərbaycana daha möhtəşəm uğurlar vəd edir”.
Vüqar Rəhimzadə yeni dövrə uğurla qədəm qoyan Azərbaycanın zəfərlərinin davamlılığını təmin etmək, yeni hədəflərin gerçəkləşməsinə dəstək olmaq üçün seçiciləri fəal olmağa çağırıb.
Görüş iştirakçıları, Saltaq kəndindən şəhid atası Mayis Gülməmmədov, Qazançı kəndindən şəhid atası Eldar Aslanov, Milax kəndindən şəhid qardaşı Xəyal Əliyev, Göydərə kəndindən Ramiz Canməmmədov və başqaları müasir, müstəqil, qalib Azərbaycanla qürur duyduqlarını, belə güclü, qüdrətli dövlətin vətəndaşı olduqları üçün fəxr etdiklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Vüqar Rəhimzadə həmin gün Milax kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Nəzmi Həsən oğlu Əliyevin və Cəmaləddin Vahid oğlu Qəribovun, Ləkatağ kəndində İkinci Qarabağ müharibəsi şəhidi, leytenant Babək Əsgər oğlu Əliyevin məzarlarını, həmçinin şəhidlərin, o cümlədən Saltaq kəndində İkinci Qarabağ müharibəsi şəhidi, baş leytenant Amin Mayis oğlu Gülməmmədovun ailələrini ziyarət edib.