Seçki-2024
“Yeni Azərbaycan reallığı qürur və güvən mənbəyimizdir!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı nailiyyətlər və möhtəşəm qələbələr qazandığını bildirib. O, bütün seçkilərdə xalqın dəstəyi ilə qalib gələn Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolundan bəhs edib, qarşıda duran hədəfləri diqqətə çatdırıb.
Deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarix yazır: “Əldə olunan böyük qələbələrin nəticəsidir ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək”.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbir iştirakçılarından Kərəm Məmmədov, İmamverdi Mustafayev və digərləri çıxış edərək vurğulayıblar ki, yeni dövrə Yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklər. “Yeni Azərbaycan reallığı qürur və güvən mənbəyimizdir!”, - deyə vurğulanıb.