Seçki-2024
Davamlı inkişaf naminə
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səliqə İsmayılovanın Zərdab şəhər Heydər Əliyev parkında seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov çıxış edərək Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qoşulduğunu diqqətə çatdırıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır, günü-gündən inkişaf edir. Daha sonra o, deputatlığa namizəd Səliqə İsmayılova haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Səliqə İsmayılova YAP-ın seçki platforması haqqında seçicilərə məlumat verib. O, diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illər ərzində öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub: “Həyata keçirilən genişmiqyaslı və davamlı islahatlar ölkəmizin uğurlu inkişafını şərtləndirir”. Qeyd olunub ki, əldə olunmuş zəfərlər nəticəsində qarşıdan gələn növbədənkənar parlament seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək.
Seçicilər də öz növbəsində Azərbaycanın gələcək uğurları naminə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.