Seçki-2024
Mingəçevirlilərin seçimi bəllidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədən kənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhərinin Heydər Əliyev və Vəli Hüseynov küçələrində yaşayan seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. Aydın Mirzəzadə deyib ki, bu dəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Namizəd çıxışında deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri İranə Həsənova, YAP fəalları Ceyhun Hümbətov, Nofəl Məmmədəliyev və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.