Seçki-2024
Yeni məqsədlərə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin Ucar rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi sistemində özünəməxsus və aparıcı rolu var: “YAP sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə gedir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımlayır”.
Şəhla Abdullayeva deputatlığa namizəd Ramil Həsən haqqında məlumat verib.
Deputatlığa namizəd Ramil Həsən əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə davam edən YAP-ın təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, bu gün torpaqlarını düşmən tapdağından azad edərək suverenliyini bərpa edən Azərbaycan çox məsuliyyətli bir dövrə qədəm qoyub: “Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın hər bir vətəndaşı üçün yeni, gələcəyə olan ümidlərin daha da artdığı bir mərhələdir. Bu mərhələdə ən böyük məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nəticələri düzgün qiymətləndirmək, uğurları daha da möhkəmləndirmək və yeni zirvələri fəth etməkdir”.
Təşviqat qrupunun üzvləri Mirzəli Ağamalıyev, Rəna Cəfərova və şəhid atası Əli Vəliyev çıxış ediblər. Qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının proqramında təqdim olunanlar, sadəcə, vədlər deyil, Azərbaycanın dinamik inkişafının gətirdiyi reallıqlara əsaslanan və dayanıqlı tərəqqini təmin etmək üçün yeni şərtlər formalaşdıran gerçəkliklərdir.
Seçicilər Rahib Rəsulov, Bəsirə Abbasova və Könül Kərimova 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Ramil Həsən Vətən müharibəsi şəhidləri kapitan Elçin Mübariz oğlu İsmayılovun və leytenant Elnur Əli oğlu Vəliyevin ailələrini ziyarət edib.