Seçki-2024
Önəmli töhfə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 89 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xavər Allahverdiyeva İsmayıllı rayon seçiciləri ilə məhəlli görüşlər keçirib.
Görüşlərdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov qeyd edib ki, respublikamız hazırda özünün dinamik inkişafı dövrünü yaşayır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizin bütün regionlarında böyük quruculuq, yenidənqurma işləri həyata keçirilib, əhalinin güzəranı əsaslı şəkildə yaxşılaşıb. Cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə hədəflənmiş müstəqil və uzaqgörən siyasəti möhtəşəm uğurlarla müşayiət olunur”.
Deputatlığa namizəd Xavər Allahverdiyeva seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. Bildirib ki, “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ölkəmizin yeni bir dönəmə qədəm qoyduğunu, bu dövrdə böyük və uğurlu işlərə doğru addımlayacağını ehtiva edir. Qeyd edib ki, Azərbaycan regionun siyasi- iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, mühüm tranzit qovşağıdır.
X.Allahverdiyeva seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə fəal iştirak etməyə çağırıb.
Görüşlər zamanı seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.