Seçki-2024
“Milli maraqlara əsaslanan siyasət Azərbaycana tarixi qələbələr qazandırıb”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülmüş Tahir Rzayevin seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında – Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədləri gerçəkləşdirərək yeni reallıqlar yaradıb. “Yeni dönəm xalqımıza rifah, ölkəmizə inkişaf və tərəqqi vəd edir”, - deyə vurğulanıb.
Deputatlığa namizəd Tahir Rzayev YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan son 30 ildə tarixi uğurlar qazanaraq dinamik inkişaf edən, nüfuzlu və qalib dövlətə çevrilib: “Milli maraqlara əsaslanan siyasət Azərbaycana tarixi qələbələr qazandırıb. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının ardıcıl olaraq və zamanında həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması və digər hədəflər xüsusi əhəmiyyət kəsb edir”.
Görüşdə təşviqat qrupunun üzvləri Sevinc Quliyeva, Nüşabə İbrahimova və digərləri çıxış edərək Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlardan və keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs ediblər.
Seçicilərdən Məhbubə Əliyeva, Bahar Əliyeva, İbadət Ağayev və başqaları parlament seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini deyiblər.