Seçki-2024
Uğurlar davamlı olaraq artır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun Beyləqan rayonunun seçiciləri ilə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov YAP-ın “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə qatıldığı seçki marafonuna inamla hazırlaşdığını və seçkilərə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Şahin İsmayılov Azərbaycanın bütün sahələri əhatə edən hərtərəfli uğurlu siyasətindən, o cümlədən müasir tariximizin ən mühüm hadisəsi olan ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından bəhs edib. Şahin İsmayılov YAP-ın Sədri, Prezident İlham Əliyevin möhkəm iradəsinin nəticəsində əldə olunan yerli və beynəlxalq uğurlara diqqət çəkərək bugünkü Azərbaycanın müstəqilliyin bərpasından sonra ən güclü dövrünü yaşadığını qeyd edib.
Tədbirdə seçki qərargahının üzvü İlhamə İsmayılova çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılova səs verməyə çağırıb.
Qeyd edək ki, Şahin İsmayılov eyni zamanda Bolsulu və Günəşli qəsəbələrində, Təzəkənd və Yuxarı Kəbirli kəndlərində də görüşlər keçirib.