Seçki-2024
“Azərbaycanın qüdrəti daha da artacaq!"
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin YAP Yevlax rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan danışıb. O, sentyabrın 1-də keçiriləcək seçkilərin xalqın YAP-a inamının növbəti ifadəsi olacağını vurğulayıb: “YAP xalqın etimadını doğrultmuş partiyadır”.
Deputatlığa namizəd Əli Hüseynli YAP-ın seçki platforması barədə məlumat verib. O vurğulayıb ki, partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində fəal rol oynayıb, müstəqil Azərbaycanın tərəqqisinə öz töhfələrini verib. “Qarşıda duran hədəflər də uğurla reallaşdırılacaq, Azərbaycanın qüdrəti daha da artacaq”, - deyə qeyd olunub.
Çıxış edən seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olacaq və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.