Seçki-2024
Demokratik dəyərlərə sadiqlik
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Zaman Məmmədovun YAP Yasamal rayon seçki qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, dövlətimizin qüdrətlənməsi və beynəlxalq aləmdə yeni nüfuz qazanması ilə yanaşı, Yeni Azərbaycan Partiyası da öz beynəlxalq əlaqələrini möhkəmləndirib və böyük nüfuza malik olan siyasi təşkilata çevrilibdir. Qeyd olunub ki, bütün bu və digər uğurlar qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədlərinin qələbə şanslarının yüksək olduğunu göstərir.
O, deputatlığa namizəd Zaman Məmmədov haqqında seçicilərə ətraflı məlumat verib.
Deputatlığa namizəd Zaman Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişindən, tərəqqisindən öz töhfələrini əsirgəmir: “YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. Bu baxımdan parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır”.
Təşviqat qrupunun üzvləri Rövşən İbrahimli, Hüseyn Hüseynov və Azad Rzayev ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs ediblər. Onlar seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.