Seçki-2024
Hədəflərə gedən yolda həmrəylik var
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 91 saylı Göyçay seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərid Əkbərovun Göyçay rayonu, Məlikkənd kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deputatlığa namizəd Fərid Əkbərov haqqında seçicilərə məlumat verib. Yeni Azərbaycan Partiyasının ən vacib məqsədinin Azərbaycan xalqına xidmət etmək olduğunu vurğulayan S.Şükürov ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də partiyamızın inamlı qələbə qazanacağına əminliyini ifadə edib.
Çıxış edən deputatlığa namizəd Fərid Əkbərov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində çətin və şərəfli yol keçdiyini qeyd edib. F.Əkbərov bu seçkilərin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin təsdiqi olacağını bildirib.
Təşviqat qrupunun üzvləri Zahidə Mirzəliyeva, Namət Şirinov, Əlisafa Bəykişiyev və digərləri seçiciləri sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Seçicilər adından çıxış edən Məlikkənd kənd sakinləri parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.