Seçki-2024
Vacib və şərəfli missiya
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Dəyanət Cəfərovun Nərimanov rayonunda füzulili seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva qeyd edib ki, Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, vurğulayıb ki, seçki prosesində iştirak etməklə, YAP-ın namizədini dəstəkləməklə vətəndaşlarımız firavan gələcəyə imza atmış olacaqlar.
Daha sonra sədr deputatlığa namizəd Dəyanət Cəfərov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Dəyanət Cəfərov YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası 32 ilə yaxın müddətdə Azərbaycanın siyasi səhnəsindədir və ölkənin hərtərəfli inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirməkdədir. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq, yeni nailiyyətlərə imza atacaq.
Seçicilər öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.