Seçki-2024
YAP yenilikçi partiyadır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Şəki Dövlət Dram Teatrında gənclər, o cümlədən idmançılarla görüşü keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, YAP siyasi palitramızda yeganə təşkilatdır ki, gənclərin inkişafına və özünü təsdiqinə geniş imkanlar yaradır: “Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. YAP dövlət gənclər siyasətinə güclü dəstək verir”.
Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov isə qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır: “Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir”. Vüqar İskəndərov bölgələrdə keçirilmiş çoxsaylı tədbirlərin gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacağını vurğulayıb.
Vüqar İskəndərov çıxışında gəncləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə təşviqat qrupunun üzvləri Mirbala Səlimli, Nuralı Çələbiyev, Rahim Həsənov, Rəvan Həmzəzadə, Elvin Nuri, Aysel Sadıqlı çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, deputatlığa namizəd Vüqar İskəndərov Gəncəli məhəlləsində seçicilər məhəlli görüşlər də keçirib.