Seçki-2024
Xalq Yeni Azərbaycan Partiyasına inanır və onu dəstəkləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov yeni dövrün yeni hədəflərindən bəhs edib. Bildirib ki, ölkəmizin hərtərəfli inkişafı daim əsas məsələlər sırasındadır. Bunun üçün bütün sahələrdə təkmil islahatların həyata keçirilməsi günümüzün çağırışlarındandır. Yeni Azərbaycan Partiyasının seçki platformasında bu hədəflər əsaslı şəkildə diqqətə çatdırılır.
Vüqar Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyeva haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Pərvanə Vəliyeva Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. Bildirib ki, YAP hər dövrün çağırışlarının özünün seçki şüarlarında diqqətə çatdırır. Yeni Azərbaycan Partiyası hər bir seçkiyə yeni çağırışlarla qatılaraq ölkəmizin daha da qüdrətlənməsini, insanların yüksək rifah içində yaşamasının əsas prinsip kimi fəaliyyətinin önündə saxladığını nümayiş etdirir. Partiyanın istər müasir dövrün tələblərinin özündə ehtiva edən yeni Proqramında, istərsə də seçki platformasında əsas hədəflər açıqlanır. Birlik, həmrəylik göstərərək bu hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür.
Pərvanə Vəliyeva seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün YAP-ın namizədinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatı üzrə Təşviqat Qrupunun üzvü Mirfaiq Mirheydərli, Fikrət Xəlilov, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, namizədin vəkilləri Abbas Abbasov, Niyazi Məmmədov, seçicilər Emil Hüseynov, Zənurə Eyvazova, İnnab Yunusova və Yəhya Cəfərov bildiriblər ki, xalq Yeni Azərbaycan Partiyasına inanır və onu dəstəkləyir.
Çıxış edənlər seçiciləri 1 sentyabr-parlament seçkilərində yüksək fəallıq nümayiş etdirməyə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Pərvanə Vəliyeva Xətai rayonu, Zığyolu küçəsindəki ünvanlarda yaşayan bir qrup seçici ilə məhəlli görüş keçirib.