Seçki-2024
Daha güclü Azərbaycan naminə...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Abşeron rayonu, Ceyranbatan qəsəbəsində məskunlaşmış seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycanın Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. O, parlament seçkilərinin xalqın YAP-a inamının növbəti ifadəsi olacağını vurğulayıb.
Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, Prezident İlham Əliyevin strateji kursu islahat və inkişafın vəhdəti ilə səciyyələnir: “Yeni mərhələdə islahatların dərinləşməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, inkişafın yeni hərəkətverici qüvvələrinin təşəkkül tapmasına və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradacaqdır”.
C.Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər Yeganə İmanova, Gözəl Abdullayeva, Nuranə Hüseynova və digərləri 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.