Seçki-2024
YAP alternativsiz siyasi qüvvədir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonunun Poylu və Burunqovaq kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, müasir Azərbaycan reallığı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi - cənab İlham Əliyev yerinə yetirdi. Çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyev siyasətinin nəticəsidir”.
Çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. O bildirib ki, qalib və qüdrətli Azərbaycan dövləti Heydər Əliyev yolunun müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəflərinə doğru inamla irəliləyir.
M.Qurbanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olacaq və YAP-ın namizədlərinə səs verəcəklər. Görüş zamanı həmçinin seçicilərin arzu və istəkləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, deputatlığa namizəd Mübariz Qurbanlı bir neçə məhəllə görüşləri keçirib və Poylu kəndində II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.