Seçki-2024
Azərbaycan Zəfərlərə doğru inamla addımlayır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelinin ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, 1 sentyabr-növbədənkənar parlament seçkilərinə sayılı günlər qalır. Seçkilər Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazacaq. Siyasi kampaniyanın hər bir mərhələsinin demokratik şəraitdə həyata keçirilməsi, bütün namizədlərə bərabər şəraitin yaradılması ölkəmizdə demokratik inkişafın əsas göstəricilərindən biridir. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük qələbə əzmi ilə qatılıb. Partiyanın “Yeni dövrə yeni Azərbaycanla” çağırışı bu əminliyin təsdiqidir.
Deputatlığa namizəd Mixail Zabelin Ulu Öndər Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasından, zaman-zaman yeni hədəflərə doğru inamla addımlayaraq Zəfərlərə imza atmasından bəhs edib. Bildirib ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu gün qalib, bütövləşən Azərbaycanın regionda və dünya birliyində yerini daha da möhkəmləndirir. Azərbaycanın hər bir uğurunda Ulu Öndərin yaradıcı olduğu Yeni Azərbaycan Partiyasının öz rolu var. Partiyanın seçki platformasında bu uğurlar və hədəflər öz əksini tapıb.
Deputatlığa namizəd ilk dəfə səs verəcək seçiciləri öz səsvermə hüquqlarından istifadə edərək yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın uğurlu gələcəyi naminə parlament seçkilərində fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı üzrə Təşviqat Qrupunun üzvləri- İkinci Qarabağ müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Nizami Hüseynov, namizədin vəkili Firdovsi Cahangirov bildiriblər ki, Yeni Azərbaycan Partiyası tarixin bütün sınaqlarından şərəflə çıxaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Çıxış edənlər seçiciləri seçkilərdə daha fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Mixail Zabelin Mehmandarov 26 a, b ünvanlarında yaşayan seçiçilərlə də görüş keçirib.