Seçki-2024
“Azərbaycan sabitlik adası kimi inkişaf yolunda inamla irəliləyir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, Azərbaycan uğurla inkişaf edərək mühüm nailiyyətlərə imza atır: “Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şərait yaradılıb və sosial ədalət prinsipi daim qorunur. Görülən işlər vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və sosial rifahının yaxşılaşmasında öz əksini tapıb”.
Deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır: “Ölkədə mövcud olan həmrəylik, xalq-iqtidar birliyi milli təhlükəsizliyin əsaslarını daha da möhkəmləndirir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində və tolerant mühitdə yaşayırlar. Respublikamızda multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik adası kimi inkişaf yolunda inamlı irəliləyişini təmin edir”.
Təşviqat qrupunun üzvləri Neva Abdurahmanova, Aytən Səlimova, Rüfanə Balahmədova və digərləri yeni mərhələdə davamlı uğurlara nail olmaq üçün seçiciləri Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıblar.