Seçki-2024
“Bütün hədəflər xalqın dəstəyi ilə həyata keçiriləcək”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramid Namazovun YAP Abşeron rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Azərbaycanın hər dövrün çağırışlarından irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək növbəti hədəfləri müəyyənləşdirdiyini bildirib.
Deputatlığa namizəd Ramid Namazov YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırıb. Vurğulanıb ki, əldə olunan uğurların zirvəsini Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması təşkil edir.
R.Namazov YAP-ın seçki platformasında əksini tapan hədəflərin xalqın dəstəyi ilə həyata keçiriləcəyini bildirib.
Təşviqat qrupunun üzvü Bayram Hüseynzadə seçiciləri fəal olmağa, yeni uğurlara imza atmaq üçün YAP-ın namizədinə səs verməyə çağırıb.
Qeyd edək ki, Ramid Namazov Abşeron rayonu, Fatmayı kəndində və Mehdiabad qəsəbəsində də seçicilərlə görüşlər keçirib.