Seçki-2024
Düzgün siyasətin nəticəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradovun ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, cənab İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib.
Çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi-iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlət tərəfindən gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib”.
Təşviqat qrupunun üzvləri Gülməmməd Məmmədov və Fəxrəddin Paşayev dövlət gənclər siyasətinin əsas istiqamətlərindən danışıb, gəncləri dövlətimizin uğurlu gələcəyinə səs verməyə çağırıblar.
Çıxış edən gənc seçicilər parlaq gələcək naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Sonra deputatlığa namizəd Rövşən Muradov Xətai rayonu, Mirzə Davud və Polad Həşimov küçəsində yaşayan seçicilərlə fərdi görüşlər keçirib və şəhid Sulduz Tağıyevin ailəsini ziyarət edib.