Seçki-2024
“YAP-a inamımız sonsuzdur!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Kiş kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə seçkilərə qatılan YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP ölkədə qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən ən güclü siyasi təşkilatdır: “Partiyamız daim xalqın etimadını doğruldub və uğurlara, qələbələrə imza atıb”.
Deputatlığa namizəd Vüqar İskəndərov YAP-ın dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiqlik mövqeyində dayanmasından, daim xalqın iradəsini ifadə etməsindən bəhs edib.
V.İskəndərov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Heydər Əliyev yoluna, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə səs verməyə - Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Kamil Məmmədov, Nəriman Səmədov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində seçicilər Kamil Səfərov, Baxşəli Qafarov və digərləri çıxış edərək “YAP-a inamımız sonsuzdur!” deyə vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Şəki şəhərinin Sarıtorpaq və Otaq eşiyi məhəllələrində də seçicilərlə görüşlər keçirib.