Seçki-2024
Yeni və daha qüdrətli Azərbaycan naminə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatının qərargahında və rayonun Alaçadırlı kəndində seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Azərbaycanın hər dövrün çağırışlarından irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək növbəti hədəfləri müəyyənləşdirdiyini, seçicilərin yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsinə töhfələrini vermək üçün səsvermə prosesində yüksək fəallıq nümayiş etdirəcəklərinə inandığını qeyd edib.
Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların zirvəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. O, partiyamızın seçki platformasında qarşıda dayanan hədəflərinin xalqın dəstəyi ilə həyata keçiriləcəyini bildirib, seçiciləri fəal olmağa, onları dövlətimizin adının daha yüksəklərə qaldırılması, davamlı zəfərlərə imza atılması üçün layiq bildikləri namizədlərə səs verməyə çağırıb.
Görüşlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü şəhid anası Mehparə Qəribova, Sahibə Məhərrəmova, Alaçadırlı kəndindən Səbuhi Ağayev, Cavanşir Quliyev, Minarə Əliyeva və digərləri bəyan ediblər ki, uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq.
Görüşlərdən sonra isə deputatlığa namizəd Fatma Yıldırım Nəcəfqulubəyli kəndində şəhid İlyasov Bəhram Nizam oğlunun, Əyricə kənd sakini Məmmədov Rəhbər Çıraq oğlunun ailəsini ziyarət edib.