Seçki-2024
Xalqın partiyası qələbə çalacaq!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədən kənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhərinin Üzeyir Hacıbəyov və Yadigar Mansurov küçələrindəki ünvanlarda yaşayan seçicilər ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev YAP-ın ötən müddət ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini deyib. O bildirib ki, bu gün Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, Vətənin mənafeyi naminə səy göstərir.
Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz nümunəsi onun milli maraqların ifadəçisi olmasıdır: “Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artır. Qazanılan nailiyyətlərin zirvə nöqtəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır”.
Aydın Mirzəzadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri İranə Həsənova, Elçin Abdullayev, YAP fəalları Fərqanə Seyidəhmədova, Pərvin Rüstəmov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP ölkəmizə mühüm uğurlar qazandırır.
Çıxış edənlər seçiciləri Azərbaycanın uğurlu inkişafının davamına - parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.