Seçki-2024
“Hədəflərin reallaşdırılması yeni qələbələrə yol açacaq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüsalə Rəsulovanın YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Milli Məclisə keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq. O, YAP-ın qazandığı nailiyyətlərə nəzər salıb, qarşıda duran hədəflərdən bəhs edib.
Deputatlığa namizəd Vüsalə Rəsulova seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb. Bildirib ki, ölkəmizdə dövlət idarəçiliyinin səmərəliliyi və vətəndaş məmnunluğu artırılıb, Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb: “Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır. Bütün bunlar milli qürur mənbəyimizdir. Heç şübhəsiz, yeni hədəflərin reallaşdırılması yeni qələbələrə yol açacaqdır. Ona görə də daim irəliyə baxmalıyıq”.
Tədbirdə seçicilər Səkinəxanım Həsənli, Nigar Cəlilova, Fidan Əsədzadə və digərləri çıxış ediblər. Bildirilib ki, YAP-ın namizədlərinə veriləcək səslər Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edəcək.
Natiqlər uğurlarımızın davamı naminə seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.